Azərbaycan, Bakı, 27 may /Trend/
Bosniya və Herseqovinanın "Eurovision 2012" təmsilçisi Maya Sar "Bakı Kristal Zalı"nın səhnəsində beşinci sırada çıxış edib.
Mayya Sar Bosniya dilində "Korake Ti Znam" kompozisiyasını ifa edib.
Sarın sözlərinə görə, o, Bakının gözəlliyinə, xüsusilə də Bakı gecələrinə vurulub.
Mayya Sarixodjiç (təxəllüsü Maya Sar) müğənni və pianoçu, mahnı mətnlərinin müəllifi və bəstəkardır. 1981-ci il iyulun 12-də musiqiçi ailəsində anadan olub. Sarayevo Musiqi Akademiyasının fortepiano sinfini bitirib. O, xərçəng əleyhinə mübarizədə "Mənim həyatım mənim mahnımdır" regional humanitar aksiyanın da təşəbbüskarıdır.
Bosniya və Herseqovinanın milli yayımçısı BHRT 2012-ci ilin mayında Bakıda ölkəni Maya Sarın təmsil edəcəyini açıqlayıb. Maya Sar gənc istedadlı müğənnidir və bir sıra nailiyyətlərə imza atıb. Müğənni uzun müddət Dino Merlinin qrupunun üzvü olub və 56-cı "Eurovision" mahnı müsabiqəsində onunla bir səhnədə çıxış edib.