...

BMT-də baş verənlərdən asılı olmayaraq, hamı bilməlidir ki, Vaşinqtonla Bakı bir-biri ilə yaxşı tərəfdaşlıq edirlər - ATƏT-in Minsk qrupunun həmsədri

Dünya xəbərləri Materials 14 Mart 2008 23:29 (UTC +04:00)
BMT-də baş verənlərdən asılı olmayaraq, hamı bilməlidir ki, Vaşinqtonla Bakı bir-biri ilə yaxşı tərəfdaşlıq edirlər - ATƏT-in Minsk qrupunun həmsədri

Azərbaycan, Bakı, 14 mart / Trend / "BMT-də Azərbaycan tərəfinin irəli sürdüyü qətnamənin dəstəklənməsi ilə bağlı məsələdə olduqca korrekt olmalıyıq. Lakin BMT-də baş verənlərdən asılı olmayaraq, hamı bilməlidir ki, Vaşinqtonla Bakı bir-biri ilə yaxşı tərəfdaşlıq edirlər. Deyə bilərəm ki, hərdən biz BMT-də bir-birimizi dəstəkləmirik. Çünki hər bir ölkənin öz baxışları var". Bunu " ANS " telekanalına açıqlamasında ATƏT-in Minsk qrupundakı həmsədri Metyu Brayza BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfinin irəli sürdyü "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" adlı qətnamənin dəstəklənməsini şərh edərkən deyib.

Bu gün BMT Baş Assambleyası Azərbaycan tərəfinin irəli sürdüyü "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" adlı qətnaməni dəstəkləyib. BMT-dəki mənbənin bildirdiyinə görə, 39 ölkə "lehinə", yeddi - "əleyhinə" səs verib, 100 ölkə isə səsvermədə zamanı bitərəf qalıb.

Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi, habelə Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərməsi ilə bağlı ciddi narahatlıq ifadə olunur. Baş Assambleya üzv ölkələri Azərbaycanın suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri hüdudlarında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və onu dəstəkləməyə çağırır.

Sənəddə erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının vacibliyi vurğulanır. Qətnamə Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyir və bu qayıdış üçün münaqişədən zərər çəkmiş ərazilərin tam bərpasının, habelə lazımı şəraitin yaradılmasının zəruriliyini önə çəkir.

Brayza qeyd edib ki, Ermənistanın öznün baş mövqeyi var. "Bu isə o deməkdir ki, biz tərəflər arasında güzəştlərin əldə edilməsinə nail olmalıyıq. Lakin danışıqların predmeti Dağlıq Qarabağın statusudur", - deyə o bildirib.

Bununla belə amerikalı nəzərdə tutulan güzəştlərin hansı formada olacağını və münaqişənin nizamlanma prosesinin nə vaxtadək davam edəcəyini deyə bilməyib. Lakin eyni zamanda o qeyd edib ki, hüquqi cəhətdən ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. "Bununla yanaşı biz Azərbaycanı çox vacib strateji tərəfdaş kimi qəbul edirik", - deyə o əlavə edib.

Brayza həmçinin bildirib ki, Ermənistandakı vəziyyət sabitləşəndən sonra Qarabağ danışıqlarının aktiv fazası bərpa ediləcək. "Biz istəyirik ki, nazirlər və prezidentlər yenidən görüşsünlər. Lakin bundan öncə danışıqlar prosesi bərpa olunmalıdır",- deyə diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti