"İranın Zahidan şəhərində mayın 28-də partlayış törətmiş cinayətkarlardan üç nəfər şənbə günü səhər edam olunub", - deyə İranın Sistan və Bəluçustan əyalətinin prokroru Məcid Mərziyyə bildirib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.
"Hadisə ilə bağlı daha iki nəfər həbs olunub və hazırda dindirilirlər", - deyə Mərziyyə əlavə edib.
O qeyd edib ki, edam olunan üç nəfər vəkillə təmin olunub və mühakimə olunublar. "Edam olunan üç nəfər partlayıcı maddələri digər ölkədən İrana gətirərək partlayışı törətmişlər. Bundan başqa, onlar iki Zahidan sakininin girov götürülməsində, ötən il Lar regionunda polisə hücum etməkdə, Zahidanın Əlqədir məscidində, ötən il mitinqlərin birində partlayış törətməkdə və daha bir neçə terror əməlləri törətməkdə ittiham olunaraq, edam olunublar", - deyə Mərziyyə bildirib.
Mayın 28-də İranın Zahidan şəhərində "Əli ibn Əbu Talib" məscidində partlayış törədilib. Hadisə nəticəsində 80 nəfər yaralanıb, 25 nəfərin isə həlak olduğu bildirilirib. Hadisə zamanı valideynləri ilə məscidə gəlmiş 4 yaşlı uşaq da həlak olub.
İranın PRESS TV kanalının verdiyi məlumata əsasən, partlayışa görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.