...

İranın zənginləşdirəcəyi 20 faizlik uran stansiyalarda istifadə etmək üçün yaramır - nüvə eksperti

Dünya xəbərləri Materials 8 Fevral 2010 15:02 (UTC +04:00)
İran Prezidenti bildirib ki, "Tehran" nüvə laboratoriyasının yanacağının təmini üçün lazım olan 20%-lik uran daxildə zənginləşdiriləcək. Lakin nüvə məsələləri üzrə ekspert Rza Təqizadə TrendNews-a məlumat verib ki, İran 20 faizədək uranı zənginləşdirə bilər, lakin bu uran "Tehran" nüvə laboratoriyasının yanacağı kimi istifadə olunmaq üçün müəyyən mexanizmləboru şəkilinə salınmalıdır, bu texnikaya isə dünyada yalnız Fransa və ABŞ malikdir.
İranın zənginləşdirəcəyi 20 faizlik uran stansiyalarda istifadə etmək üçün yaramır - nüvə eksperti

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir D.Xatınoğlu/

İran Prezidenti bildirib ki, "Tehran" nüvə laboratoriyasının yanacağının təmini üçün lazım olan 20%-lik uran daxildə zənginləşdiriləcək. Lakin nüvə məsələləri üzrə ekspert Rza Təqizadə Trend -a məlumat verib ki, İran 20 faizədək uranı zənginləşdirə bilər, lakin bu uran "Tehran" nüvə laboratoriyasının yanacağı kimi istifadə olunmaq üçün müəyyən mexanizmlə boru şəkilinə salınmalıdır, bu texnikaya isə dünyada yalnız Fransa və ABŞ malikdir.

Glasko universitetinin İran əsilli professoru Təqizadənin fikrincə, İranın yüksək dərəcədə zənginləşdirdiyi uran stansiya üçün deyil, yalnız nüvə silahının yanacağı üçün istifadə oluna bilər.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsindən məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunması nəzərdə tutulub.

2009-cu ilin noyabr ayında MAQATE-nin sabiq Baş katibi Məhəmməd əl-Bəradei İrandan tələb edib ki, Tehran reaktorunun yanacağının təmini üçün İran 1200 kq həcmində 3.5 faizlik uranını Qərbə təhvil versin və 20 faizlik yanacaq borusu təhvil alsın.

İran Nüvə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, fevralın 9-dan etibarən İran "Tehran" nüvə laboratoriyasının reaktorunun yanacağı üçün lazım olan 20 faizlik uranı daxildə istehsal edəcək. "Tehran" 5 MqVat-lıq reaktoru radioaktiv dərmanlarınistehsalı üçün 60-ci illərdə tikilib.

Təqizadə telefonla Glasko şəhərindən bildirib ki, İranın 20%-lik uranı zənginləşdirməsi "nüvə silahının istehsalına doğru böyük bir addımdır". Onun sözlərinə görə, 3.5-30 faizədək uranı zənginləşdirmək üçün lazım olan vaxt 30-90 faizədək zənginləşdirmə üçün lazım olan vaxta bərabərdir. "Beləliklə, nüvə silahına lazım olan 90 faizlik uranın istehsalı üçün İran yolun yarısını getmiş olacaq, çünki 20 faizlik uranı 90 faiz zənginləşdirmək daha rahatdır",- Təqizadə bildirib.

Nüvə məsələləri üzrə ekspertin fikrincə, İran texniki baxımdan uranı hərbi məqsədlərlə (90-95 fazilik) zənginləşdirmək üçün lazımi texnikaya malikdir. "Fikrimcə, İran blef etmir, həqiqətən də bunu bacara bilər. İranın yeni nəsil sentrifuqalarının materialı qrafitdir, bu növ sentrifuqaların mühərriklərinin fırlanma sürəti çox yüksəkdir",- Təqizadə hesab edir.

İran hazırda İR4 adlı yeni nəsil sentrifuqa istehsal edib. Rəsmi Tehran bu sentrifuqaların sayı haqda məlumat vermir, lakin ekspertlərin fikrincə, əvvəlki sentrifuqalardan fəqli olaraq, yeni sentrifuqaların səmərəlilik dərəcəsi 3 dəfə çoxdur.

Təqizadə bildirib ki, Qum şəhəri yaxınlığında tikilmiş 2009-cu ilin noyabrında ifşa olunan Fordu uran zənginləşdirmə mərkəzi İranın nüvə silahı istehsal etmə niyyətində olduğunu sübut edir. "İran iddia edir ki, nüvə stansiyalarının yanacağının təmini üçün uran zənginləşdirmə zavodlarını tikir. 1000 MqVat-lıq bir stansiyanın yanacağı üçün 54000 sentrifuqanın daimi işləməsi lazımdır, lakin Fordu yalnız 3000 sentrifuqa tutumundadır, bu həcmdə sentrifuqa stansiya yanacağı üçün çox azdır. Bu nüvə silahının yanacağının təmini üçün kifayət qədər böyükdür", - Britaniyada fəaliyyət göstərən iranlı ekspert Təqizadə əlavə edib.

2009-cu ilin sonunda MAQATE Hakimlər Şurası İranın gizli tikdiyi Froduzavoduna görə, bu ölkəyə qarşı qətnamə qəbul edib. İran tərəfi daha 10 yeni uran zənginləşdirmə mərkəzinin yaradacağını bildirib.

Təqizadə bildirib ki, Rusiya mənbələrinin verdiyi məlumata görə, İranın zənginləşdirdiyi uranın saflıq dərəcəsi azdır, beləliklə, İranın Tehran reaktoru üçün 20 faizədək zənginləşdirdiyi uran Fransaya göndərilsə də reaktorda istifadəyə yarayan yanacaq borusuna çevrilmə qabiliyyəti yoxdur. "Lakin nüvə silahı üçün lazım olan uranın saflığının az olması və digər maddələrlə qarışması problem deyil", - Təqizadə qeyd edir.

Təqizadənin fikrincə, 20 faizlik uranın istehsalı üçün yeni texnika lazım deyil, sadəcə, sentrifuqa şəlalələrini quraşdırma sırası və tərkibi bir-birindən fərqlənir ki, bu isə böyük problem deyil.

Xəbər lenti

Xəbər lenti