...

Türkiyə səfiri tezliklə Stokholma qayıda bilər

Dünya xəbərləri Materials 17 Mart 2010 18:57 (UTC +04:00)
Türkiyə səfiri Zərgün Korutürkün İsveçə qayıtmasında ləngimə uzun zaman davam etməyəcək.
Türkiyə səfiri tezliklə Stokholma qayıda bilər

Türkiyə səfiri Zərgün Korutürkün İsveçə qayıtmasında ləngimə uzun zaman davam etməyəcək. Bu barədə CNN Turk saytı yazır.

Türkiyə KİV-lərinin məlumatına görə, İsveç rəsmilərinin parlamentdə qondarma "erməni soyqırımı"nın tanınması barədə qəbul edilən qərarı təqdir etməkdən imtina etməsi Türkiyənin "narazılığını yumşaldıb".

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi və martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsindən sonra Türkiyə öz səfirlərini məsləhətləşmələr üçün Vaşinqton və Stokholmdan geri çağırıb.

Əvvəlcə İsveçin xarici işlər naziri Karl Bildt tarixi hadisələri siyasiləşdirməməyə çağıraraq, türkiyəli həmkarı Əhməd Davudoğluya parlamentdə sənədin qəbul edilməsi ilə əlaqədar olaraq təəssüfləndiyini bildirmişdi.

Sonra İsveçin Baş naziri Fredrik Reynfild Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmışdı. Danışıqlar zamanı Reynfild bildirmişdi ki, rəsmi Stokholm həmin sənədi tanımır.

Türkiyə mətbuatı yazır ki, İsveç rəsmilərinin addımı Türkiyənin "narazılığını yumşalda bilər" və səfir Korutürkün tez bir zamanda Stokholma qayıdacağı mümkündür. Onun İsveçə qayıtması barədə yekun qərarı Türkiyə hökuməti qəbul edəcək.

Lakin Türkiyənin Vaşinqtondakı səfiri Namiq Tan hələ də Ankaradadır. CNN Turk-ün yazdığı kimi, onun qayıtması ilə bağlı ləngimələr Prezident Obama administrasiyasının Türkiyə ilə gərginliyin nizamlanmasında konkret addımlar atmaması ilə əlaqədardır.

Ankara Vaşınqtondan dəstək göstərilməsini gözləyir, necə ki, İsveç hökuməti tərəfindən göstərilib.

Xəbər lenti

Xəbər lenti