İranın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Barak Obamanın İranın nüvə proqramına dair çıxışı və ABŞ-ın yeni nüvə strategiyasına cavab olaraq bəyanat yayıb. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ dünyanın ən böyük atom arsenalına sahibdir və çoxlu nüvə silahlarını anbarlarda saxlayır, ABŞ öz nüvə silahlarının tamamilə məhv edilməsi üçün vaxt təyin etməlidir. Bu qədər atom silahını saxlamaq dünyanı təhlükə ilə üzləşdirir və başqalarını bu növ silahlarla hədələmək beynəlxalq aləmdə sabitsizliyə şərait yaradır. ABŞ-ın yeni nüvə strategiyası bundanöcəki strategiyalarla "əsasında" heç bir fərqi yoxdur, bəlkə yeni strategiyada bəzi vaxtlar nüvə silahından istifadəyə icazə verilir.
Aprel ayının 6-də ABŞ Prezidenti Barak Obama administrasiyası, yeni nüvə strategiyasını təqdim edib. Yeni sənədin mətni ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Bu sənədə görə, ABŞ-ın milli təhlükəsizliyinin təmin olunmasında nüvə silahının rolu azaldılacaq, lakin yenə də saxlanacaq. Yeni strategiyanın başlıca məqsədi kimi, nüvə terrorçuluğunun və nüvə silahının yayılmasının qarşısının alınması qoyulub. Yeni qəbul olunmuş sənədlə, ABŞ, nüvə silahına malik olmayan dövlətlərə qarşı nüvə silahından istifadə etməyəcəyinə dair öhdəlik götürür. Barak Obamanın fikrincə, ABŞ-a hücum edən hər bir dövlətin qarşısını əldə olan yeni müasir silahlarla kəsmək mümkündür.
İranın Xarici İşlər Nazirliyinin bəyanatda deyilir ki, nüvə silahlarının saxlanılması NPT müqaviləsinin 6-cı maddəsinə ziddir və beynəlxalq ictimaiyyət ABŞ-ın nüvə silahından tamamilə imtina edərək məhv etməsini gözləyir. ABŞ-ın digər ölkələrə nüvə silahından istifadə etməyəcəyinə dair öhdəlik götürməsi bir o qədər əhəmiyyət daşımır. Ona görə ki, ABŞ dəfələrlə öz öhdəliklərini yerinə yetirməyib və NPT müqaviləsinə üzv ölkələr ABŞ-ın bu öhdəliyini qəbul etmir. Nüvə başlıqlarının sayının azalması beynəlxalq ictimaiyyətin tam nəzarəti ilə həyata keçirilməsə etibarlı olmayacaq.
Bəyanatda deyilir ki, cənab Obama öz yeni nüvə strategiyasında nüvə silahları yayan və kütləvi qırğın silahlarını qadağan edən heç bir müqaviləni imzalamayan "sionist rejim"in heç bir işarə etməyib və onun bu addımı ABŞ rəsmilərinin danışıqlarında "sədaqətli" olmamasına sübutdur.
İran həmişə bəyan edib ki, nüvə proqramı sülhyönlüdür və İran NPT müqaviləsi çərçivəsində öz öhdəliklərinə sadiqdir. Aprel ayının sonlarında kütləvi qırğın silahlarından imtina olunmasına dair Tehranda keçiriləcək konfrans da bu iddiaya sübütdür. İran konfransı keçirməklə "nüvə enerjisi hamı üçün, nüvə silahı heç kim üçün" şüarını beynəlxalq aləmdə həyata keçirmək niyyətindədir.
Bəyanatda həmçinin bildirilir ki, təklif edirik, ABŞ Prezidenti onun prezident seçilməsinə şərait yaradan "dəyişiklik" şüarına əməl etsin. Onun bu addımı ABŞ-ın beynəlxalq aləmdə itirilmiş imicinin geri qayıtmasına şərait yaradar və beynəlxalq problemlərin danışıqlar yolu ilə həlli üçün şərait yaradar.
ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və TŞ İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.