...

"Azadlıq donanması"nın gəmilərində saxlanılan azərbaycanlılar bu gün evə yola salına bilərlər – İsrail DİN (ƏLAVƏ OLUNUB-7)

Dünya xəbərləri Materials 2 İyun 2010 15:52 (UTC +04:00)
Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşı artıq bu gün evə yola salına bilərlər.
"Azadlıq donanması"nın gəmilərində saxlanılan azərbaycanlılar bu gün evə yola salına bilərlər – İsrail DİN (ƏLAVƏ OLUNUB-7)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ü.Sadıxova/

Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşı artıq bu gün evə yola salına bilərlər. Bu barədə Trend-ə İsrailin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Çərşənbə günü İsrail DİN beynəlxalq donanma ilə gələn digər xarici vətəndaşların deportasiyasına başlayıb, çox güman ki, azərbaycanlılar da onların arasında olacaq.

"Bu gün hamı geriyə qaytarılmalıdır", - nazirliyin rəsmi nümayəndəsi deyib.

Bundan əvvəl Trend-ə İsrailin Daxili İşlər Nazirliyindən məlumat verilmişdi ki, iki Azərbaycan vətəndaşı İsrailin cənubundakı Beyer-Şeva şəhərindəki həbsxanada saxlanılır, onlar əvvəlcə xəbər verildiyi kimi, İordaniyadan deyil, Təl-Əviv aeroportundan yaxın reyslə geriyə yola salınacaqlar.

İsrail DİN nümayəndəsi saxlanılanların şəxsiyyəti haqqında hansısa məlumat verməkdən imtina edib.

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Trend-ə bildirib ki, çərşənbə günü axşam İordaniyaya deportasiya olunan 123 xarici vətəndaş arasında azərbaycanlı yoxdur.

"Azərbaycanlıların onların [deportasiya olunanlar] arasında olması barədə ehtimallar təsdiqlənmədi, - Araslı telefonla Əmmandan bildirib. - Biz siyahıları yoxlamışıq, onların arasında azərbaycanlılar yoxdur".

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend-ə deyib ki, vətəndaşların vəziyyəti normaldır. Onlar növbəti reyslə yola salınacaqlar.

İsrail mətbuatının ölkə DİN-in xəbərinə istinadən verdiyi məlumata görə, sürgün 682 fəala tətbiq edilib; onlardan 45 nəfəri deportasiyaya könüllü razılıq verib və ölkəni çərşənbə axşamı tərk edib. Bu barədə "RİA-Novosti" yazır.

"Qərara alınıb ki, qanunla müəyyən olunmuş prosedurlara görə, saxlanılanlar dərhal sürgün edilsinlər. İsrail DİN-dən elan edilib ki, sürgün bu axşamdan başlayır və gözlənildiyinə görə, təxminən 48 saat ərzində davam edə bilər", - İsrail hökumətinin bəyanatında deyilir.

Dünya birliyinin dərhal azad olunmalarını tələb etdikləri həbs olunanların taleyi İsrailin əsas nazirlik və güc idarələri rəhbərləri forumu olan hərbi-siyasi kabinetin iclasında həll ediləcək.

Mühasirədə olan Qəzza sekoruna fələstinliləri dəstəkləyən fəalları və tonlarla humanitar yük aparan altı gəmidən ibarət karvan bazar ertəsinə keçən gecə İsrail HDQ-nin xüsusitəyinatlıları tərəfindən ələ keçirilib. Əməliyyat zamanı 9 səfər iştirakçısı həlak olub, onlarla adam yaralanıb. Səfər iştirakçılarının müqaviməti ilə qarşılaşan yeddi İsrail əsgəri də yaralanıb.

İsrail DİN-in məlumatına görə, donanmanın ələ keçirilməsindən sonra, azı 40 ölkənin nümayəndəsi İsrail həbsxanalarındadır. Onların yarıdan çoxu Türkiyə vətəndaşıdır. Yerdə qalanlar Avstraliya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yəmən, Kanada, Küveyt, Livan, Mavritaniya, Makedoniya, Malayziya, Mərakeş, Niderland, Yeni Zellandiya, Norveç, Oman, Pakistan, Serbiya, Suriya, ABŞ, Fransa, Çexiya, İsveç və CAR vətəndaşlarıdır.

Xəbər lenti

Xəbər lenti