...

İran eks-prezidenti Rəfsəncaninin qızı barəsində yenidən cinayət işi açılıb

Dünya xəbərləri Materials 25 Aprel 2011 17:02 (UTC +04:00)
Tehran prokurorluğu Faizə Haşimi barəsində yeni cinayət işinə başlayıb. Bunu İranın baş prokuroru və ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.
İran eks-prezidenti Rəfsəncaninin qızı barəsində yenidən cinayət işi açılıb

Tehran prokurorluğu Faizə Haşimi barəsində yeni cinayət işinə başlayıb. Bunu İranın baş prokuroru və ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir-ə istinadən məlumat verir.

Əjeyi bildirib ki, Faizə Haşimi əcnəbi saytlardan birinə müsahibə verərkən elə ifadələr işlədib ki, onun məhkəmə qarşısında cavab verməsi lazımdır. "Mən özüm onun müsahibəsini oxumuşam və Tehran prokurorundan bu məsələ ilə bağlı hansı addım atıldığını soruşanda, o dedi ki, bununla bağlı iş açılıb və məsələyə baxılır", - o əlavə edib.

Faizə Haşimi İranın Məsləhət Şurasının sədri və ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızıdır. Bir neçə gün bundan əvvəl xarici saytlardan biri onun adından müsahibə dərc edib ki, həmin müsahibədə Faizə Haşmi İranın hazırkı dövlət rəsmilərinə qarşı təhqiramiz ifadələr işlədib.

Əjeyi deyib ki, Faizə Haşimi barəsində bundan qabaq açılmış cinayət işindən başqa, dövlət rəsmilərinə qarşı təhqiramiz ifadələrinə görə də yeni cinayət işi açılıb.

İranın Məsləhət Şurasının sədri və ölkənin eks prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin uşaqları Mehdi Haşimi və Faizə Haşimi ölkədə qarışıqlıq yaratmaqda, həmçinin 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham ediliblər. Aksiyalar zamanı Haşimi Rəfsəncaninin qızı Faizə iki dəfə həbs olunub. Mehdi Haşimi isə hazırda Britaniyadadır. Ötən il Tehran prokurorluğu tərəfindən Mehdi Haşimi bərasində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti