Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T. Cəfərov/
İranın Ali lideri ayətullah Əli Xamneyi parlament seçkilərində səsvermədə iştirak edib. O, səsini 110 saylı seçki məntəqəsində verib.
Dərhal sonra Xamneyi jurnalistlərin qarşısına çıxıb və əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
Xamneyi qeyd edib ki, parlament seçkiləri ölkənin təhlükəsizliyi və stabilliyi üçün vacib bir amildir. O əlavə edərək bildirib ki, yaxın vaxtda məntəqələr seçicilərlə dolu olacaq.
"Seçkilər ölkəmizin reallığında həmişə mühüm rol oynayıb. İslam İnqilabından 30 il keçib və xalqımız düzgün yolla hərəkət edir", - Xamneyi bildirib.
İranın Ali lideri bütün namizədlərə uğurlar arzulayıb.
İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkilərində səsvermə bu gün yerli vaxt ilə saat 08:00-da başlayıb və 18:00-dək davam edəcək.
Trend-in məlumatına görə, İranın Dövlət Seçkilər Komissiyasının sədri Sulət Mürtəzəvi deyib ki, qanuna əsasən, parlament seçkilərinin keçirilmə vaxtı 10 saatdır, amma lazım gələrsə, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər.
Parlament seçkilərində 3 467 namizəd mübarizə aparır. Seçkilər ümumilikdə 46 062 səsvermə məntəqəsində keçirilir ki, onlardan 14 307-si səyyar qutular vasitəsilə həyata keçirilir.
Seçkilərin nəticələrinin seçki günündən (martın 2-dən) 48-72 saat sonra açıqlanacağı ehtimal olunur. İranda ilk dəfədir ki, seçkilərdə geniş miqyasda elektron səsvermədən istifadə ediləcək. Elektron səsvemə ölkənin 14 əyalətindəki əsas seçki məntəqələrində keçirilir.
Parlament seçkilərində namizədliyini irəli sürmüş şəxs səslərin 2/3 hissəsini əldə etmiş olarsa, seçkinin qalibidir. Belə olmazsa, seçkilərin ikinci mərhələsi (turu) keçirilir. İkinci mərhələdə ən çox səs toplamış namizəd seçkinin qalibi hesab olunur.
Parlament seçkilərinin ikinci turu səsvermə günündən sonra bir ay müddətində keçirilməlidir.