Azərbaycan, Bakı, 25 mart / Trend müxbir T.Cəfərov/
IV beynəlxalq Novruz festivalı gələn il Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Bu barədə qərar bazar günü Tacikistanda keçirilən III beynəlxalq Novruz festivalı çərçivəsində qəbul olunub. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, həmçinin 2014-cü ildə "V beynəlxalq Novruz festivalı"nın Əfqanıstanın paytaxtı Kabildə keçirilməsi haqda qərar qəbul olunub.
Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
Bundan öncə I və II Beynəlxalq Novruz festivalı İranda keçirilib. Novruz festivalının hər il Novruz bayramını qeyd edən ölkələrin birində keçirilməsi planlaşdırılır.