Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Cəfərov/
İlk milli "Kobra" vertolyotu İran Hərbi Hava Qüvvələrinin yaxın gələcəkdə təşkil edəcəyi hərbi təlimlərində sınaqdan keçiriləcək. Bunu İranın Quru Qoşunları komandanının müavini Kiyumərs Heydəri deyib. Trend-in məlumatına görə, xəbəri FARS agentliyi yayıb.
Heydəri bildirib ki, milli hərbi vertolyot təlimlərdə ilk dəfə iştirak edəcək. Bu hərbi vertolyotun modeli "Bell 209"-dur və onun üzərində ölkə istehsalı olan müxtəlif növ raketlər quraşdırılıb.
Onun sözlərinə görə, bu vertolyotun layihələşdirilməsi və istehsalı bütövlükdə ölkə mütəxəssisləri tərəfindən həyata keçirilib və bəzi özəlliklərinə görə hətta Apaçi vertolyotlarından da üstündür.
Heydəri HHQ-nin hərbi təlimlərində həmçinin tank və vertolyot əleyhinə raketlərin sınaqdan keçiriləcəyini deyib.
O, bildirib ki, hazırda İranın vertolyot istehsalı sahəsində heç bir ölkəyə bağlılığı yoxdur.
AH-1 Kobra Vertolyotu (AH-1 Cobra) Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən hərbi döyüş vertolyotudur. ABŞ tədricən bu tip vertolyotu AH-64 Apaçi vertolyotu ilə əvəz edir.