Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Amerikan Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri" mövzusunda tədbir keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindəm məlumat verilib.
Sözügedən Mərkəzin direktoru Mamuka Tseretelinin moderatorluq etdiyi müzakirələrdə Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel, Avropa İttifaqının ABŞ-dakı Nümayəndəliyinin Enerji, Nəqliyyat və Ətraf mühit məsələləri üzrə şöbəsinin müdiri Kristian Börqsmuller, BP-nin Qlobal hökumət və Beynəlxalq əlaqələr departamentinin baş direktoru Qreq Saunders, ABŞ-dakı səfirliyimizin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova iştirak etmişlər.
Növbəti 10 il ərzində qaza olan tələbatın artacağını bildirən araşdırmaçı S.Kornel Xəzər regionunda, o cümlədən Azərbaycandan 30 milyard kub metr həcmində qazın ixrac olunmasının bu baxımdan önəmli olduğunu qeyd etmişdir.
Avropanın enerjiyə olan tələbatının ödənilməsi üçün enerji resurslarının nəqli yollarının şaxələndirilməsi olduğunu qeyd edən avropalı diplomat K.Börqsmuller bu baxımdan "Cənub dəhlizi" layihəsinin reallaşdırılmasının böyük önəm daşıdığını və Azərbaycanın bu layihədə aparıcı rol oynadığını bildirmişdir.
BP-nin əməkdaşı Q.Saunders çıxışında Avropanın enerji təhlükəsizliyinin təminində Xəzər dənizinin enerji ehtiyatlarının əhəmiyyətindən danışmış və Xəzər regionunun Avropaya ən yaxın alternativ enerji mənbəyi olduğunu qeyd etmişdir. O həmçinin Şahdəniz layihəsinin həyata keçirilməsinin Xəzər dənizində digər enerji layihələrinin reallaşdırılmasına təkan verə biləcəyini əlavə etmişdir.
Azərbaycanın Xəzər dənizi regionunu ABŞ və Avropa şirkətlərinə əməkdaşlığa açması barədə strateji seçiminin ölkəmizin öz suverenlik və siyasi müstəqilliyini möhkəmləndirməsinə imkan verdiyini deyən Səfirliyin əməkdaşı Nərgiz Qurbanova həyata keçirilən enerji layihələrinin regionda sosial və iqtisadi irəliləyişlərin əsasında dayandığını vurğulamışdır.
Hazırda Azərbaycanın əsas məqsədinin Avropa bazarında rəqabətədavamlı və etibarlı enerji resursları ilə təmin etmək olduğunu qeyd edən N.Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacib olduğunu bildirmiş və bu xüsusda Dövlət Katibi Hillari Klintonun bir gün öncəki çıxışında "Cənub Dəhlizi" layihəsinə ABŞ hökumətinin dəstəyini ifadə etməsini təqdirəlayiq olduğunu vurğulamışdır.
Təbirin sonunda iştirakçılar Azərbaycanın enerji tarixindən bəhs edən sərgi ilə tanış olmuşlar.