...

Möhsin Pakayin: İran sanksiyaların öhdəsindən gələ bilər

Dünya xəbərləri Materials 28 Noyabr 2012 14:59 (UTC +04:00)
İrana qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkədə yaranan vəziyyət rəsmi Tehranın bundan çıxış yolu tapa bilməyəcəyi qədər mürəkkəb deyil.
Möhsin Pakayin: İran sanksiyaların öhdəsindən gələ bilər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

İrana qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkədə yaranan vəziyyət rəsmi Tehranın bundan çıxış yolu tapa bilməyəcəyi qədər mürəkkəb deyil. Bu barədə çərşənbə günü Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

"Rəsmi Tehran İran-İraq müharibəsi illəri və ondan sonrakı dövr daxil olmaqla, son 33 il ərzində müxtəlif sanksiyalarla üzləşib. Bu, indiki vəziyyətdən çıxış yolu tapa bilməyəcəyimiz elə də çətin iş deyil", - Pakayin bildirib.

Eyni zamanda, səfir hesab edir ki, sanksiyaların heç bir təsir göstərməməsi barədə fikir yanlışdır, lakin sanksiyaların təsiri Qərbə görünən kim deyil və olmayacaq.

Diplomatın sözlərinə görə, İranın neft sektoruna qarşı sanksiyaların tətbiq edilməsi Avropanın özünə böyük təsir edir.

"Əvvəllər Avropa İrana qarşı sanksiyalar tətbiq edərkən İran neftinə əvəz tapa bilmirdi ki, bu da neftin qiymətinin artmasına səbəb olurdu. O da öz növbəsində Avropa ölkələrində bu gün də müşahidə edə biləcəyimiz iqtisadi böhranın yaranmasına gətirib çıxarırdı", - Pakayin deyib.

Səfir qeyd edib ki, Avropada İran neftinin əsas idxalçıları İtaliya, İspaniya və Yunanıstandır. Bu ölkələrin hər biri tələbatlarının 13-14 faizini İrandan neft idxal etməklə ödəyirlər.

Onun sözlərinə görə, bu ölkələrə belə az miqdarda neft həcmlərinin ixracının itirilməsi İranın ümumi neft tədarükünə təsir etməyəcək.

Pakayin vurğulayıb ki, İranın Avropaya ixrac etdiyi neft həcmləri hazırda anbarlarda saxlanılır və onun strateji rolu qış dövründə dünya neft bazarlarında tələbatın artması və təklifin azalması ilə əlaqədar artır.

Onun sözlərinə görə, İran neftinin əsas idxalçısı Çindir. Bu ölkə tələbatının 10 faizini İrandan neft idxal etməklə ödəyir.

"Belə göstəriciyə baxmayaraq, əhalinin sayının çox olması və yüksək tələbat səbəbindən İran neftinin Çinə ixracının həcmi çox böyükdür", - səfir bildirib.

Diplomatın sözlərinə görə, Çin İrana qarşı sanksiyalarla bağlı dəfələrlə narazılığını, eləcə də İran neftinin idxalını artırmaq niyyətində olduğunu bildirib.

Hazırda Çin İrandan sutkada 450 min bareldən çox neft idxal edir.

Səfir bildirib ki, İran neftinin digər idxalçıları arasında Hindistan və Cənubi Afrika Respublikası var. Bu ölkələr də İrandan neft idxalını davam etdirmək niyyətindədirlər.

Pakayinin sözlərinə görə, tələbatının 51 faizini İrandan neft idxal etmək hesabına ödəyən Türkiyə nümayəndələri son zamanlar diplomatik görüşlərdə bəyan ediblər ki, rəsmi Ankara iki ölkə arasında əmtəə dövriyyəsinin 30 milyard dollaradək artırılmasında maraqlıdır.

İranda son vaxtlar qızılın qiymətinin artması və xarici valyutaların məzənnəsinin enib-qalxması məsələsinə toxunan səfir qeyd edib ki, buna səbəb ölkənin xarici valyutaların məzənnəsinə qarşı iqtisadi siyasətini dəyişdirməsi və yeni şəraitə uyğunlaşmasıdır.

"Hazırda İranın siyasəti daxili istehsalatın artırılması, idxalın, həmçinin neftdən asılılığın azaldılması və Avropa iqtisadi tərəfdaşlarına əvəz tapılmasına istiqamətlənib. Bütün bunlar xarici valyutaların məzənnəsinin qısamüddətli enib-qalxmasına və qızılın qiymətinin artmasına səbəb oldu", - Pakayin deyib və qeyd edib ki, lakin hökumət müvafiq tədbirlər vasitəsilə vəziyyətə nəzarət edir.

2012-ci ilin avqustundan dollar İran rialına nisbətdə 40 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti