Azərbaycan, Bakı, 18 mart /Trend/
Şimali və Mərkəzi Amerikanın və Karib hövzəsi ölkələrinin futbol Konfederasiyasının (KONKAKAF) keçmiş prezidenti, habelə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) vitse-prezidenti postunu tutmuş Cek Uorner Qətər şirkətlərindən birindən iki milyon dollar rüşvət almaqda şübhəli bilinir. Federal Təhqiqatlar Bürosu (FTB) bu işin araşdırılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Britaniya KİV-nə istinadən xəbər yayıb.
Qətər 2010-cu ilin dekabrında dünya çempionatının keçirilməsi hüququ əldə edib. Mənbənin məlumatına görə, səsvermədən dərhal sonra FİFA-nın İcraiyyə Komitəsinə daxil olan Uorner ölkənin sifarişində iştirak etmiş firmadan 1,2 milyon dollar, onun oğulları isə 750 min dollar alıblar. Daha 400 min dollar isə Uornerin tabeçiliyndə olanlardan birinin adına keçirilib.
Məlumata görə, Uornerin Mayamidə yaşayan böyük oğlu artıq istintaqla əməkdaşlığa başlayıb.