Azərbaycan, Bakı, 24 avqust /Trend/
NATO Türkiyə ilə həmrəy olmağa və Alyansın cənub-şərq sərhədlərini qorumağa davam edir.
Trend-in məlumatına görə, bunu NATO rəsmisi Azernews qəzetinə deyib.
NATO yaxın aylarda müttəfiqlərin Türkiyədə Patriot raketlərinin yerləşdirilməsi məsələsinə baxacağını gözləyir. Təşkilat öz qərarını müəyyən edilmiş vaxtda verəcək.
"Patriot missiyası illik əsasda yenilənir. Hazırki missiyanın mandatı ilin sonuna qədər davam edəcək," NATO nümayəndəsi bildirib. "Missiyasının gələcəyi ilə bağlı hər hansı bir qərar hərtərəfli qiymətləndirilmə və Türkiyənin missiyanı genişləndirmək xahişi əsasında veriləcək".
NATO rəsmisi onu da bildirib ki, Almaniya və ABŞ-ın Patriot raketləri Türkiyə əhalisini Suriyadan atılan ballistik raket təhdidlərinə qarşı qorumağa mühüm töhfə verib.
Son illər ərzində Suriya rejimi yüzlərlə ballistik raket atəşi açıb, və onların böyük əksəriyyəti Suriyaya düşüb. Lakin, bəzi raketlər qonşu ölkələrə, o cümlədən Türkiyəyə düşüb.
NATO rəsmisi hesab edir ki, Suriya raketlərinin Türkiyəyə yaratdığı hazırki təhlükə aşağı qiymətləndirilsə də, Suriya daxilində müxalif qüvvələrə qarşı atılan raketlərin Türkiyəyə düşmə riski hələ də qalır.
Türkiyə KİV-lərinin daha əvvəl verdiyi məlumata görə ABŞ payızda Aralıq dənizinə əlavə "İcis" hərbi informasiya-idarəetmə sistemi ilə təmin olunmuş gəmilər göndərəcək. Əsas məqsəd Türkiyə və NATO müttəfiqlərini ballistik raket təhlükəsindən qorumaqdır.
Xatırladaq ki, bu ilin iyulunda Türkiyə ABŞ-ın anti-İŞİD koalisiyasının strateji İncirlik Hava bazasından İŞİD silahlılarına qarşı hava hücumu həyata keçirilməsinə razılıq verib.