Bakı. Trend:
Peruda hökumət əleyhinə aksiyalar davam edir.
Trend TASS-a istinadən xəbər verir ki, Perunun cənubunda Andauaylas hava limanında polislə nümayişçilər arasında toqquşma zamanı etirazçılardan biri dünyasını dəyişib.
Bundan başqa, toqquşmalar zamanı bir polis əməkdaşı yaralanıb. Ölən şəxsin yeniyetmə olduğu bildirilir. Yeniyetmənin ölüm xəbərindən sonra aksiyaçılar yerli polis idarəsini yandırıblar. Bir neçə KİV-in məlumatına görə, toqquşmalarda azı 10 nəfər xəsarət alıb.
Bazar günü səhər saatlarında respublikanın bir sıra departamentlərində hava limanlarını idarə edən CORPAC şirkəti erkən seçkilərin keçirilməsini tələb edən nümayişçilərin Andauaylas hava limanını zəbt etdiklərini və orada onlarla insanı girov saxladıqlarını bildirib.
Qeyd olunur ki, etirazçılar yanacaq anbarını yandırıblar və 50 polis və CORPAC əməkdaşının olduğu terminalı mühasirəyə alıblar. Şirkət hakimiyyət orqanlarını hazırda girov saxlanılan insanları azad etmək üçün əlavə qüvvələr göndərməyə çağırıb.
Xatırladaq ki, Perunun bir sıra regionlarında etiraz aksiyaları keçirilir, onların iştirakçıları Pedro Kastilyonun dövlət başçısı vəzifəsindən uzaqlaşdırılmasından sonra parlamentin fəaliyyətini dayandırmağı və ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər. Dekabrın 10-da yeni prezident Dina Boluarte mövcud vəziyyətdən dinc şəkildə çıxış yolu tapmaq üçün həmvətənlərini yeni hakimiyyətlə dialoqa çağırıb.