Bakı. Trend:
Sinqapur hökuməti 13 fevraldan etibarən koronavirusla bağlı bütün məhdudiyyətlərin ləğv olunacağını bəyan edib.
Trend-in məlumatına görə, bu barədə Sinqapur Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
"Koronavirus pandemiyası ilə bağlı vəziyyət ölkədə və dünyada stabil olaraq qalmaqdadır. Səhiyyə sistemi üçün təhlükə minimaldır və bazar ertəsindən etibarən xəstəlik alovlanmalarına qarşı cavab tədbirləri sisteminin səviyyəsi mümkün ən aşağı səviyyə olan yaşıl səviyyəyə endiriləcək", - nazirlikdən bildirilib.
The Straits Times qəzetinin verdiyi məlumata görə, ictimai nəqliyyatda maska rejimi və sərhəddə karantin nəzarəti tədbirləri ləğv edilir. Peyvənd olunmamış səyahətçilər daha xüsusi sığorta almalı və ya koronavirus testi nəticələrini təqdim etməli olmayacaqlar.
"Gələcəkdə daha təhlükəli ştammların meydana gəlməsi ehtimalını istisna etmirik, lakin hazırda qarşılaşdığımız risklər bir və ya iki ay bundan əvvəlki ilə müqayisədə qat-qat aşağıdır", - səhiyyə naziri On E Kun deyib.
Bütünlükdə pandemiya müddətində Sinqapurda koronavirusa 2,2 milyondan artıq yoluxma halı qeydə alınıb, 1722 nəfər dünyasını dəyişib.