...

Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Dünya xəbərləri Materials 20 Aprel 2023 13:42 (UTC +04:00)
Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib.

TurkicWorld-un məlumatına görə, Ərdoğan bayram təbriki ilə bağlı çıxışında zəlzələ bölgəsinə geniş yer ayırıb.

"Əziz millətim, əziz qardaşlarım, sizi ən səmimi hisslərim və məhəbbətimlə salamlayıram. Sizi mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Biz əvvəli rəhmət, ortası bağışlanma, sonu isə əbədi əzabdan qurtuluş olan daha bir Ramazanı geridə qoyduq. Rəbbimə şükür edirəm ki, bizləri daha bir bayrama sağlamlıqla, firavanlıqla, sevdiklərimizlə çatdırdı. Bu il Ramazan ayını 6 fevral zəlzələlərində itirdiyimiz canların acısı ilə qarşıladıq. Bir daha zəlzələ və daşqınlarda həlak olan 50 mindən çox insanımızın hər birinə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Millət olaraq hamımıza bir daha başsağlığı verirəm. Bu mübarək günlərdə zəlzələ qurbanlarımızı tək qoymadıq. Seçki gündəminin, başqa dövlət işlərinin, gündəlik məişət qayğılarının bizə zəlzələ zonasını unutdurmasına imkan vermədik. Yenidən zəlzələdən zərər çəkmiş şəhərlərimizi ziyarət etməklə, fəlakət qurbanlarımızın dərdini bir daha paylaşdıq, yerində həyata keçirilən tədbirlər gördük, zəlzələ evlərimizin təməlqoyma mərasimlərini keçirdik. Dövlətimiz bütün aidiyyatı qurumları ilə, bələdiyyələrimiz, qeyri-hökumət təşkilatlarımız bütün imkanları və könüllüləri ilə meydandadır", - deyə Ərdoğan bildirib.

Prezident Ərdoğan onu da qeyd edib ki, bir il ərzində zəlzələ bölgəsində 319 min ev tikiləcək. Ümumilikdə tikilən evlərin sayı 650 minə çatacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 500-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti