Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərə Ermənistan vətəndaşlığı verilməsi məsələsini maksimum operativ həll etməyi tapşırıb.
Trend erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında deyib.
"Həmvətənlərimizdən bir çoxu vətəndaşlıq almaq üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara riayət etməklə onlara kömək göstərməkdən ibarətdir", - o deyib.
Bundan başqa, Ermənistanın baş naziri Qarabağı könüllü tərk etmiş ermənilər üçün lazımi şəraitin yaradılmalı olduğunu bildirib.
Qeyd edək ki, son zamanlarda Azərbaycanı Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər könüllü şəkildə Qarabağı tərk edərək Ermənistana axın etməyə başlayıb. Azərbaycan hökuməti Qarabağın dinc erməni əhalisinin təhlükəsizliyinə təminat verərək, onlara Azərbaycan vətəndaşlığını qəbul edərək ərazidə qalmalarını təklif edib və onlar üçün hər cür şəraitin yaradılacağını vəd edib. Qarabağı tərk edən ermənilərlə videoreportajlardan aydın şəkildə göründüyü kimi, erməni əhali Qarabağın onların vətəni olmadığını özləri etiraf edir və könüllü şəkildə ərazini tərk etdiklərini bildirir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı bəzi lobbiçilərin iddia etdiyi kimi, əsla "etnik təmizləmə" siyasəti həyata keçirməyib, ərazini könüllü şəkildə tərk etmək istəyən sakinlərə qarşı heç bir zorakılıq tətbiq etməyib.