Bakı. Trend:
İspaniyanın Valensiya muxtar bölgəsinin hakimiyyəti leysan və daşqınların fəsadlarının aradan qaldırılmasında kömək üçün əlavə 5 min hərbçinin göndərilməsini tələb edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Valensiya hakimiyyət orqanlarının bəyanatında bildirilir.
"Valensiyanın başçısı Karlos Mason, icmanın Əməliyyat Koordinasiya Mərkəzindən fövqəladə vəzifələrin icrası üçün əlavə 5 min hərbçinin göndərilməsini xahiş edəcək", – bəyanatda qeyd edilib.
Bununla da, bölgədə fəaliyyət göstərən hərbçilərin ümumi sayı 7 minə çatacaq.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ölkənin cənub və şərq hissələrində hava təhlükəsi səviyyəsi maksimuma qaldırılıb. Təbii fəlakət nəticəsində İspaniyada 207 nəfər həyatını itirib. Fövqəladə hallar xidmətləri, xilasedicilər və hərbçilər axtarış işlərini və təbii fəlakətin təsirlərinin aradan qaldırılmasını davam etdirirlər.