Bakı. Trend:
Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Maskın sərvəti 430,9 milyard dollara çataraq yeni rekorda imza atıb.
Trend-in məlumatına görə, Maskın sərvətindəki bu artım Tesla səhmlərinin rekord səviyyəyə qalxması və SpaceX-in dəyərinin yüksəlməsi ilə əlaqədardır. Forbes jurnalının milyarderlər siyahısında Mask dünyanın ən zəngin adamı olaraq ilk sıradadır və sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.
Siyahıda Maskı 243,7 milyard dollar sərvətlə Amazonun qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə Oracle-ın qurucusu Larri Ellison izləyir.
Tesla-nın səhmləri dünən rekord həddə çataraq 5,9% artımla 424,77 dollar olub. Şirkətin səhmləri ilin əvvəlindən bəri 70%-dən çox dəyər qazanıb.
Xüsusilə, Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsi Tesla səhmlərinin sürətli artımına təkan verib. Trampın qələbəsindən sonra Tesla səhmləri 67%-dən çox yüksəlib.