Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurası Venesueladakı vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlərin 2026-cı il yanvarın 10-dək uzadılması və daha 15 nəfərin sanksiya siyahısına daxil edilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti bildirib.
"Bu qərarlar demokratiya və qanunun aliliyinə xələl gətirən israrlı hərəkətlər, o cümlədən 28 iyul 2024-cü il prezident seçkilərindən sonra baş verən hadisələrlə əlaqədar vətəndaş cəmiyyətinə və demokratik müxalifətə qarşı davam edən insan haqları pozuntuları və repressiyaları nəzərə alaraq qəbul edilib", - deyə bildirilib.
Aİ Şurasının dörd şəxsə qarşı məhdudlaşdırıcı tədbirləri yenidən tətbiq etdiyini qeyd edilib. Onlara qarşı sanksiyalar "2024-cü ilin iyulunda Venesuelada inklüziv, etibarlı və rəqabətli seçkilərin təşkilini asanlaşdırmaq üçün" 2024-cü ilin mayında müvəqqəti olaraq dayandırılıb.