Bakı. Trend:
Britaniya hökuməti klinik sınaqların müddətini qısaltmaq və elmi tədqiqatları sürətləndirmək məqsədilə yeni səhiyyə məlumatlarına 600 milyon funt sterlinqə (767 milyon ABŞ dolları) qədər sərmayə yatıracaq.
Trend xəbər verir ki, bu barədə Baş nazir Kir Starmer açıqlama verib. Yeni sistemin 2026-cı ilin sonundan etibarən fəaliyyətə başlayacağı və tədqiqatçılar üçün təhlükəsiz və istifadəsi asan, vahid məlumat platforma olacağı gözlənilir. Bu isə müxtəlif sistemlər arasında məlumat axtarışını aradan qaldıracaq.
Hökumət hesab edir ki, bu təşəbbüs Britaniyanı xərçəng, demensiya və artrit kimi xəstəliklərin daha tez müalicəsi istiqamətində mühüm irəliləyişə apara bilər.
“Təqdim etdiyim bu tədbirlər tibbi tədqiqatlara güclü təkan verəcək və pasiyentlər üçün daha keyfiyyətli xidmət təmin edəcək”,- deyə Baş nazir K. Starmer vurğulayıb. O, Britaniyanı tibbi tədqiqat sahəsində dünyada ən cəlbedici investisiya məkanı etmək niyyətində olduğunu bildirib.