...

UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib (FOTO)

Mədəniyyət Materials 8 Aprel 2025 19:30 (UTC +04:00)
UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 221-ci sessiyası öz işinə başlayıb.

Trend xəbər verir ki, sessiyanın 7-8 aprel tarixlərində keçirilən plenar debatlar hissəsində ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını səsləndirib.

Milli bəyanatda ölkəmizin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyinə, habelə onun aparıcı proqramlarının səmərəli həyata keçirilməsinə böyük diqqət yetirdiyi bildirilmiş, bu məqsədlərə nail olmaq üçün Azərbaycanın həm təşkilat, həm də üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə əməkdaşlıq etməyə hazır olduğu qeyd olunub.

UNESCO-nun donor ölkələrindən biri kimi Azərbaycanın təşkilatın qlobal missiyasına nümayiş etdirdiyi fəal dəstəkdən bəhs edən səfir, xüsusilə Afrikanın zəngin mədəni və təbii irsinin qorunması, potensialın gücləndirilməsi və s. kimi sahələrdə müvafiq təşəbbüsləri dəstəkləməklə qitənin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Çoxəsrlik multikulturalizm, müxtəliflik, mədəniyyətlərarası və dinlərarası dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət ənənələrinə malik Azərbaycanın “Bakı Prosesi” və “Peace4Culture” kimi təşəbbüslər vasitəsilə dünya miqyasında sülh mədəniyyətini təşviq etdiyi diqqətə çatdırılıb.

Azərbaycan üçün strateji prioritet təşkil edən təhsil sahəsində həm milli, həm də beynəlxalq səviyyədə atılan addımlar qeyd edilib, STEAM, TVET, UNITWIN/UNESCO Kafedralar Proqramı və ASPnet kimi çərçivələrdə ölkəmizin iştirakından bəhs edilib.

Çıxış zamanı mədəni irsin qorunmasının əhəmiyyətinə toxunulub və bu kontekstdə 2025-ci ilin 14-15 mart tarixlərində Bakı və Xocavənddə UNESCO-nun iştirakı ilə keçirilmiş “Qədim insan məskənlərinin qorunub saxlanması: təhlükələr və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans barədə məlumat verilib.

Sessiyada həmçinin iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın fəal iştirakı barədə sessiya iştirakçılarına məlumat verilmiş və ölkəmizin COP29-a uğurla ev sahibliyi və sədrlik etməsi vurğulanıb.

Daha sonra, iclas iştirakçılarına Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası barədə, həmçinin ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi ilə Cənubi Qafqazda yaranmış yeni şərait, habelə işğal zamanı ərazilərimizin məruz qaldığı böyük dağıntılar, Qarabağ və Şərqi Zəngəzurdan 750 minə yaxın, Qərbi Zəngəzur, İrəvan, Göyçə, Vedi və digər tarixi torpaqlarımızdan isə 300 mindən artıq azərbaycanlı mülki əhalinin öz tarixi və ata-baba yurdlarından qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilib.

Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıq ifadə edərək, vəziyyətin qiymətləndirilməsi üçün faktaraşdırıcı missiyanın göndərməsinə dair UNESCO-ya etdiyi müraciətin Azərbaycan xalqının haqlı tələbi olduğu vurğulanıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma, habelə məcburi köçkünlərin qayıdışı istiqamətində görülən işləri barədə məlumat verilərək, bu xüsusda mina və partlamamış hərbi sursatların yaratdığı ciddi təhlükə və əngəllər qeyd olunmuşdur. 2020-ci ildən bəri mülki şəxslər də daxil olmaqla 400-dən çox insan minaların qurbanı olduğu diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti