Bakı. Trend:
Ötən il Azərbaycanla İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 32%-dən çox artıb.
Trend xəbər verir ki, bu barədə aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşündə bildirilib.
"Ticarət-iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32%-dən çox artdığı qeyd edilib.
Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi vurğulanıb.
İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanıb, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub", - məlumatda deyilir.