Bakı. Trend:
Baham adaları hökuməti çərşənbə axşamı SpaceX şirkətinə məxsus Falcon 9 raketlərinin ölkə ərazisinə enişlərini müvəqqəti dayandırdığını elan edib.
Trend-in Reuters-ə istinadla verdiyi məlumata görə, bu qərar ətraf mühitə təsirin qiymətləndirilməsi tam başa çatana qədər qüvvədə qalacaq.
Baham adalarının Kommunikasiya Direktoru Letre Raminq bildirib ki, hazırda araşdırma aparılır və ətraf mühitin mühafizəsinə dair qiymətləndirmə başa çatmadan yeni enişlər üçün icazə verilməyəcək.
Qeyd edək ki, SpaceX fevral ayında Baham adalarına ilk raket enişini həyata keçirmişdi və 2025-ci il üçün daha 19 belə eniş planlaşdırılmışdı. Bu planlar hökumət tərəfindən tənzimləyici orqanların razılığı şərti ilə təsdiqlənmişdi.
Müvəqqəti qadağa, keçən ay SpaceX-in Starship gəmisinin Texasdan qalxdıqdan bir neçə dəqiqə sonra partlaması ilə bağlı araşdırmalardan sonra tətbiq olunub. Sosial şəbəkələrdə yayılan videolarda yanaraq parçalanan raketdən düşən dağıntıların Cənubi Florida və Baham adaları səmasında göründüyü əks olunub.
Bahamiya rəsmiləri bildiriblər ki, raketin dağıntıları ölkənin hava məkanına düşüb, lakin tərkibində zəhərli maddələrin olmadığı və dəniz ekosisteminə və suyun keyfiyyətinə ciddi təsirin gözlənilmədiyi qeyd olunub.
Əlavə olaraq vurğulanıb ki, “Starship” insidenti Falcon 9-un Baham adalarına eniş proqramı ilə əlaqəli deyil.
Xatırladaq ki, SpaceX hazırda Pentaqonun ən böyük raket buraxılışı podratçısı hesab olunur.