Bakı. Trend:
Bu ilin ilk üç ayı ərzində Azərbaycanla Çin arasında qarşılıqlı ticarətin həcmi 1,02 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Trend xəvər verir ki, bu barədə aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.
İclasda ticarət-iqtisadi sahədəki əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi, Çinin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olduğu xüsusi vurğulanıb.
Eyni zamanda, Azərbaycanın da Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olduğu qeyd edildi. İki ölkə arasında ticarət dövriyyəsinin artım meyli ötən il 21% (3.7 mlrd $) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37%-dən ( $1,02 mlrd) artıq yüksəlib.
Azərbaycan, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
Sənaye, neft-qaz, neft-kimya, “yaşıl” energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da qeyd edildi. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, iclasa Azərbaycan Respublikasının Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.