Bakı. Trend:
Ermənistanın yeni Konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad etməməlidir.
Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində jurnalistlərə açıqlamasında deyib.
N.Paşinyan qeyd edib ki, bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə, o cümlədən bəyannamənin qəbulu günü ilə bağlı mesajlarda bildirib.
"Müstəqillik Bəyannaməsinin mətni ilə yaxından tanış olduqdan sonra dedim ki, mənim fikrimcə, söhbət ondan gedir ki, müstəqil Ermənistan Respublikası, Ermənistan dövlətçiliyi ola bilməz. Bu, sadəcə olaraq mümkün deyil. Əgər mən bunu deyirəmsə, bu o deməkdir ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmasının lazım olduğunu deyə bilmərəm. Əksinə, deyə bilərəm ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma buna Ermənistan xalqı qərar verəcək", - o bildirib.