Bakı. Trend:
Son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu yüksək dərəcədə artıb, ÜDM-dəki payı 6.5%-ə çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.
O qeyd edib ki, nəqliyyat sahəsində həyata keçirilən layihələr müasir beynəlxalq çağırışlara uyğunlaşdırılaraq ətraf mühitin qorunması, dekarbonizasiyası, innovasiya, rəqəmsallaşdırılma kimi vacib predmetləri özündə ehtiva edir.
"Ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır.
Son dövrlər yaranmış geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırmışdır. Qısa müddət ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur", - nazir müavini əlavə edib.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni nəqliyyat kommunikasiyalarının yaradılması ilə iri infrastruktur layihələr həyata keçirilir:
"Yeni avtomobil, dəmiryolu, beynəlxalq hava limanlarının tikintisi istiqamətində işlər görülür. Bundan əlavə, cari ilin yanvar ayında təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi Dövlət Proqramının icrasında mühüm əhəmiyyət daşıyır. Bu proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasıdır".