Bakı. Trend:
Almaniyada palliativ yardım üzrə həkimə qarşı 15 pasiyentin qətli ilə bağlı cinayət işi açılıb. Berlin Prokurorluğu adı açıqlanmayan 40 yaşlı həkimin xəstələrinə ölümcül dərman qatqıları verib, izləri itirmək üçün bəzi pasiyentlərinin evini yandırdığını bildirib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, 2021-2024-cü illər ərzində həkim ümumilikdə 12 qadın və 3 kişi xəstəni qətlə yetirib. Təkcə 2024-cü ilin iyul ayında bir gündə iki pasiyentinin həyatına son qoyub.
Almaniya qanunvericiliyinə əsasən, müttəhimin cinayət törətməsi sübuta yetirilməyənə qədər və ya o, günahını etiraf etməyənə qədər kimliyi mətbuata açıqlanmır.
Əvvəl həkimin yalnız 4 nəfəri öldürdüyü müəyyənləşdirilsə də, sonradan istintaqın gedişində başqa şübhəli hallar ortaya çıxıb və ekshumasiya planlaşdırıldığından yeni-yeni qurbanların üzə çıxacağı istisna edilmir.