Bakı. Trend:
Ukraynalı Aleksandr Usiklə britaniyalı Daniel Dübua arasında ağır çəki dərəcəsində mütləq dünya çempionu titulu uğrunda revanş döyüşü bu il iyulun 12-də Londondakı "Uembli" stadionunda keçiriləcək.
Trend xəbər verir ki, boksçular ilk dəfə 2023-cü ilin avqustunda qarşılaşıblar. Həmin döyüşdə Usik 9-cu raundda Dübuanı nokauta salaraq qalib gəlmişdi.
38 yaşlı Usik peşəkar karyerasında hələ məğlubiyyət üzü görməyib. Onun aktivində 23 döyüşdə 23 qələbə var, onlardan 14-ü nokautla başa çatıb. Sonuncu döyüşünü 2024-cü il dekabrın 22-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində britaniyalı Tayson Fyuriyə qarşı keçirən Usik 12 raundluq qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gəlib (116–112). Bu qələbə ilə o, WBA, IBO, WBO və WBC versiyaları üzrə ağır çəki dərəcəsində dünya çempionu titullarını qoruyub saxlayıb.
Bundan əvvəl, 2024-cü ilin mayın 19-da keçirilən döyüşdə də Usik Fyuriyə qarşı hakimlərin qərarı ilə qalib gəlmiş, bununla da XXI əsrdə ağır çəkidə ilk mütləq dünya çempionu olmuşdu. Fyuri üçün bu, peşəkar karyerasında ilk məğlubiyyət olmuşdu. Sözügedən döyüşdən sonra Usik IBF çempionluq kəmərindən imtina etmişdi. Səbəb isə məcburi rəqib – xorvatiyalı Filip Xrqoviçlə müdafiə döyüşünün baş tutmaması olmuşdu.
Daha sonra Dübua Xrqoviçlə döyüşdə texniki nokautla qalib gələrək vakant olan IBF tituluna sahib çıxıb.
27 yaşlı Daniel Dübuanın peşəkar rinqdə 24 döyüşü var, bunların 22-də qalib gəlib (21-i nokautla), 2 dəfə isə məğlub olub. Sonuncu döyüşünü 2024-cü il sentyabrın 21-də həmyerlisi Entoni Coşuaya qarşı keçirən britaniyalı boksçu 5-ci raundda texniki nokautla qalib gələrək IBF titulunu qoruyub. Döyüş zamanı Coşua bir neçə dəfə nokdauna düşmüşdü.