Bakı. Trend:
Almaniyada palliativ yardım sahəsində çalışan bir həkim 15 xəstəni onların xəbəri və razılığı olmadan ölümcül dərman kombinasiyası ilə qətlə yetirməkdə ittiham olunur.
Trend-in BBC-yə istinadla verdiyi məlumata görə, prokurorlar ölənlərin sayının daha çox ola biləcəyini bildirir. Hazırda istintaq 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər 12 qadın və 3 kişinin öldürüldüyünü ehtimal edir.
İttihama əsasən, həkim xəstələrə anestezik və əzələ gevşedici maddələr yeridib. Prokurorluğun açıqlamasında vurğulanır ki, əzələ gevşedici tənəffüs əzələlərini iflic edərək bir neçə dəqiqə ərzində ölümlə nəticələnib.
Şübhəli həkim Almaniyanın bir neçə federal əyalətində çalışıb. Şübhəli ölümlər zamanı qurbanların yaşı 25-dən 94-ə qədər dəyişib.
Eyni zamanda, istintaq həkimin cinayət izlərini ört-basdır etmək üçün beş dəfə qurbanlarının mənzillərini yandırmağa cəhd etdiyini də açıqlayıb. 2024-cü ilin iyulunda isə o, eyni gündə Berlinin mərkəzində 75 yaşlı kişini və yaxınlıqda yaşayan 76 yaşlı qadını öldürməkdə ittiham olunub. Qadının mənzilini yandırmağa çalışsa da, bu cəhdi uğursuz olub.
İlkin olaraq, həkim 2024-cü ilin avqustunda dörd xəstənin ölümü ilə əlaqədar həbs olunub, lakin araşdırmaların genişləndirilməsi nəticəsində yeni şübhəli ölümlər də aşkarlanıb. Mümkün digər qurbanların cəsədlərinin eksqumasiyası planlaşdırılır.
Hazırda həbsdə saxlanılan şübhəlinin ömürlük peşə fəaliyyətindən məhrum edilməsi və “profilaktik həbs” rejiminə alınması tələb olunur.