Bakı. Trend:
“Mançester Siti” Leverkuzen “Bayer”ində çıxış edən almaniyalı yarımmüdafiəçi Florian Virtsi transfer etmək üçün 150 milyon avro ödəməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
Xəbərdə qeyd olunur ki, “şəhərlilər” 22 yaşlı futbolçunun özünə illik 25 milyon avroluq təklif göndərməyə hazırlaşır. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Florian Virtsi bu yay komandadan ayrılması gözlənilən Kevin De Bruynenin əsas əvəzedicisi kimi görür.
Futbolçunun xidmətində “Bavariya” və “Real Madrid” kimi nəhəng klubların da maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Florian Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. Müqavilədə futbolçunun 125 milyon avroya sərbəst qalma maddəsi yer alır. Gənc ulduz bu mövsüm 26 oyunda 9 qol vurub, 10 məhsuldar ötürmə edib.