Bakı. Trend:
Bakıda Milli Biznes İnkişafı Forumu keçirilib.
Trend xəbər verir ki, forum "Caspian Energy Club"ın təşkilatçılığı ilə baş tutub.
Forumda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, "AzeriCard" MMC-nin baş direktor müavini Zakir Əhmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Natiq Dadaşov, "Azərbaycan Hava Yolları" QSC-nin prezidentinin müşaviri Mircəfər Cəfərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov iştirak ediblər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov tədbirdə çıxış edərək bildirib ki, son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu yüksək dərəcədə artıb, ÜDM-dəki payı 6.5%-ə çatıb.
O qeyd edib ki, nəqliyyat sahəsində həyata keçirilən layihələr müasir beynəlxalq çağırışlara uyğunlaşdırılaraq ətraf mühitin qorunması, dekarbonizasiyası, innovasiya, rəqəmsallaşdırılma kimi vacib predmetləri özündə ehtiva edir.
"Ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır.
Son dövrlər yaranmış geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırmışdır. Qısa müddət ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur", - nazir müavini əlavə edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı isə qeyd edib ki, "Ələt-Astara" dəmiryolu xətti 2027-ci ilədək tamamlanacağına ümid edirik.
O qeyd edib ki, Orta Dəhlizin yarısı dəyişən cərəyanla çalışır. Yaxın iki ayda dəhlizin Hacıqabul-Ucar hissəsi dəyişən cərəyana keçəcək:
""Horadiz-Ağbənd" layihəsi üzrə 75 km yol çəkilib.
Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb. Podratçı şirkət seçilib. Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır".
O eyni zamanda qeyd edib ki, Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.
Əlavə olaraq "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Strategiya və Biznesin İnkişafı İdarəsinin rəhbəri Vasif Manaflı qeyd edib ki, Yeni "Airbus" və "Boeing" təyyarələrinin 2032-ci ilədək AZAL-a təhvil verilməsi planlaşdırılır.
"AZAL-ın hava gəmisi parkının orta yaşı 14-dür. Bu isə həm öz növbəsində müştəri məmnuniyyətinin azalmasına, həmçinin təyyarələrin istismar xərclərinin artmasına gətirib çıxarır. Bu yöndə ciddi addımlar atılmışdır.
Bu addımlara misal olaraq, "Airbus" və "Boeing" şirkətləri ilə 2023-cü ildə 20-dən çox təyyarənin alışı ilə bağlı müqavilələrin imzalanmasını qeyd edə bilərik. Qeyd olunan yeni təyyarələrin önümüzdəki illərdə 2032-ci ilədək AZAL-ın gəmi parkına daxil edilməsi planlaşdırılır", - o bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov isə öz növbəsində bildirib ki, ötən il Bakı şəhəri üzrə 476 min sərnişin daşınıb ki, bu da 2023-cü illə müqayisədə 6 faiz artım deməkdir.
Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib.
“Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2160-a qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur. Həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib. Bu il özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı isə 2023-cü illə müqayisədə 43 faiz artaraq təxminən 2000 ədədə çatdırılıb. Metronun “Koroğlu”, “Gənclik” və “28 May” stansiyası yaxınlığında Nəqliyyat Mübadilə Məntəqələri istifadəyə verilib. Bakı şəhərində təxminən 1766 parklanma məntəqəsi üzrə 22 min 995 parklanma yeri təşkil olunub”, - deyə o bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Süni qurğuların istismarı və təmiri şöbəsinin rəisi Asim Məmmədli isə bildirib ki, AAYDA tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun olaraq ümumi uzunluğu 3382,6 km təşkil edən 44 adda avtomobil yolunun tikintisi və bir adda hava limanın tikintisi layihələri icra edilir.
Şöbə rəisinin sözlərinə görə, o cümlədən, bu yolların 1076,1 km respublika əhəmiyyətli, 2306,5 km-i isə yerli əhəmiyyətli avtomobil yollarıdır:
"Yerli əhəmiyyətli avtomobil yollarının 1247,6 km təşkil edən hissəsi hərbi əhəmiyyətli dayaq nöqtələrinə aparan torpaq və çınqıl örtüklü təlimat və təxliyyə avtomobil yollarıdır".