...

Azərbaycan və UN-Habitat arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 16 Aprel 2025 14:31 (UTC +04:00)
Azərbaycan və UN-Habitat arasında əməkdaşlıq müzakirə edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 15-də BMT-nin Şəhərsalma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rosbax Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinə nəzakət ziyarəti edib.

Səfirlikdən Trend-ə bildirilib ki, icraçı direktor və onu müşayiət edən heyət ilk öncə səfirliyin inzibati binasında yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Səfir Sultan Hacıyev tanışlıq zamanı Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər, 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması barədə qonaqları məlumatlandırıb. Səfir bildirib ki, Azərbaycan post-münaqişə dövründə müasir şəhərsalma meyarlarına uyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurma işləri aparan yeganə ölkədir. O, bərpa edilən ərazilərdə minaların insan tələfatına səbəb olması, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib.

Görüşdə Azərbaycan və UN-Habitat arasında dinamik əməkdaşlıqdan məmnunluq ifadə olunub. 2026-cı ilin 18 – 22 may tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal əhəmiyyəti və beynəlxalq nüfuzunun yüksəldilməsi ilə bağlı birgə prioritetlər və hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Xanım Rosbax WUF13-ün hazırlıq proseslərində Azərbaycan Hökumətinin fəaliyyəti və dəstəyindən razılıq ifadə edib.

UN-Habitatın icraçı direktoru Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyini qeyd edərək, COP29 Sədrliyi ilə birgə həyat keçirilən təşəbbüslərin əhəmiyyətini və həmin vaxt Azərbaycanda səfərdə olarkən keçirdiyi görüşlərin müsbət nəticələrini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP – WUF platformaları arasında əlaqənin inkişafı üzrə qlobal təşəbbüsləri beynəlxalq əməkdaşlığın növbəti inkişaf mərhələsinə yüksəldilməsinə töhfə verir və UN-Habitat bu istiqamətdə Azərbaycanla tərəfdaşlığı genişləndirməyə səy göstərir.

Xəbər lenti

Xəbər lenti