Bakı. Trend:
“Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, bu Qayda aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığına dair tələbləri müəyyən edir.
Bu Qaydada aviasiya təhlükəsizliyinin təmini sahəsində personal dedikdə hava limanının istismarçısının, hava gəmisinin istismarçısının, yerüstü xidmət təminatçısının, bort ehtiyatları (qida) ilə təchiz edən təşkilatın, hava gəmisində təmizlik işləri ilə məşğul olan təşkilatın, hava gəmisinə texniki xidmət göstərən təşkilatın, hava hərəkətini idarəetmə xidmətinin, hava limanında (aeroportda) fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları (bundan sonra – personal) nəzərdə tutulur.
Aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edən idarə, müəssisə və təşkilatların, habelə aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak etməyən, lakin hava limanları (aeroportlar) və aerodromların təhlükəsizlik zonalarına buraxılışı olan digər idarə, müəssisə və təşkilatların personalının aviasiya təhlükəsizliyi üzrə hazırlığa cəlb edilməsi məcburidir.
Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Bu Qayda ilə tənzimlənməyən məsələlər “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Konvensiyaya Əlavə 17-yə və Qaydalara uyğun olaraq həyata keçirilir.
Bu Qaydada istifadə olunan anlayışlar Qanun, Konvensiyaya Əlavə 17 və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.