Bakı. Trend:
Almaniyada aparılan son ictimai rəy sorğusu göstərib ki, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (XDİ/XSİ) blokunun reytinqi son üç ayın ən aşağı səviyyəsindədir.
Trend-in məlumatına görə, “Insa” İnstitutunun “Bild” qəzetinin sifarişi ilə apardığı sorğuda iştirak edənlərin yalnız 25 faizi Xristian blokuna dəstək verib. Bu, iyun ayında 28 faiz səviyyəsində olan göstəricidən aşağıdır. XDİ/XSİ bu nəticə ilə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə eyni dəstəyə malikdir.
Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokratlar Partiyasının (SPD) dəstəyi 15 faiz, “Yaşıllar”ın reytinqi 11 faiz olub. Sol partiyanı dəstəkləyənlərin sayı 2 faiz artaraq 11 faizə yüksəlib və “Yaşıllar”la eyni səviyyəyə çatıb.
Sahra Vaqenknext İttifaqı (BSW) 4 faiz, Azad Demokratik Partiya (FDP) isə 3 faiz dəstəyə sahibdir. Rəyi soruşulanların cəmi 6 faizi digər kiçik partiyaları dəstəklədiyini bildirib.