Bakı. Trend:
Rusiyanın “Neiry” texnologiya şirkəti beyinlərinə neyrointerfeyslərin yerləşdirildiyi göyərçin-biodronlar yaradıb. Neyrointerfeys onları havada olarkən idarəetməyə imkan verir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hazırda tərtibatçılar və tədqiqatçılar onların uçuş xarakteristiakaları ilə bağlı sınaqlar keçirirlər. Operator beyinə yeridilmiş neyroçip sayəsində quşa pilotsuz uçuş aparatlarında olduğu kimi uçuş tapşırığı verə və onu idarə edə bilir.
Beynin müəyyən sahələrinin neyrostimulasiyası sayəsində göyərçin operatorun yönləndirdiyi istiqamətə uçmağa özü can atır.
“Neiry” şirkəti biodronların xarici görünüşcə adi göyərçinlərdən seçilmədiyini əmin edir. Biodronlardan gələcəkdə ətraf mühitin mühafizəsi və ya sənaye layihələrində, habelə axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulur.
