Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir:
"Ümid edirik ki, Qazaxıstan komissiyası araşdırmasını tezliklə
başa çatdıracaq və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı
qalan bütün sualları həll edəcəyik. Heç kimin buna şübhəsi
olmamalıdır".
Diplomat qeyd edib ki, "Rusiya tərəfi bu strukturla sıx əməkdaşlıq
edir, ona bütün lazımi yardımı göstərir və Rusiya aviasiya
hakimiyyəti qazaxıstanlı həmkarlarından alınan bütün sualları
cavablandırıb".
Zaxarova vurğulayıb ki, Rusiya və Azərbaycan liderlərinin bu il
oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində
keçirilən görüşündən sonra əldə etdikləri bütün razılaşmaları tam
şəkildə həyata keçirməyə sadiqdir".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
