Bakı. Trend:
Honkonqda Mei Yu House çoxmənzilli binasında baş vermiş yanğın nəticəsində ən azı bir nəfər ölüb, səkkiz nəfər isə xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Xilasedicilər xəsarət alanları — bir kişi və yeddi qadını — tibb mərkəzinə çatdırıblar; onlardan ikisinin vəziyyəti ağırdır. Yanğınsöndürənlər binadan əlavə 22 nəfəri təxliyə edib, 250-dən çox sakin isə özləri binanı tərk edərək yaxınlıqdakı məktəbə yerləşdirilib. Hakimiyyət orqanları yanğının söndürüldüyünü və səbəbinin araşdırıldığını bildirib.
Honkonq hakimiyyəti bu hadisəyə xüsusi diqqət yetirir. 26 noyabr 2025-ci ildə Vanq Fuk Kort kompleksində baş verən böyük yanğında səkkiz hündürmərtəbəli binadan yeddisi yanmış, ən azı 161 nəfər ölmüş, təxminən 5000 nəfər isə evsiz qalmışdı.
