Bakı. Trend:
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.
Trend xəbər verir ki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir.
Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş çəkəcək.
Cənubi Koreya mediasının məlumatına görə, Li Cemyön Çin lideri Si Cinpin, Baş nazir Li Çian və qanunverici orqanın rəhbəri Cao Lıci ilə görüşlərdə əsasən ikitərəfli iqtisadi əlaqələr, regional məsələlər, o cümlədən Şimali Koreya mövzusunu müzakirə edəcək. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 10-a yaxın sənədin imzalanması gözlənilir.
Dövlət başçısını səfərdə böyük biznes nümayəndə heyəti müşayiət edir. Onların məqsədi Pekində keçiriləcək Çin-Koreya iqtisadi forumunda iştirak etmək, həmçinin süni intellekt, yaşıl enerji, təchizat zənciri və turizm də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparmaqdır.
