Bakı. Trend:
Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.
Trend xəbər verir ki, bu barədə “Defence Express” nəşri məlumat yayıb.
Layihə Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro maliyyə dəstəyi alıb.
Yeni FMLA təyyarəsi birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini kimi hərbi funksiyaları yerinə yetirə biləcək. Təyyarənin axtarış-xilasetmə işləri və digər mülki missiyalar üçün adaptasiya olunma imkanı da nəzərdə tutulub.
FMLA turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7,5 tona qədər olacaq və uzunluğu 450 metrdən az olmayan zolaqlardan qısa uçuş və eniş icra edə biləcək.
Yeni təyyarənin tədarükü hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.
