Bakı. Trend:
Müəyyən qüvvələr Erməni Kilsəsini Ermənistan dövlətinə qarşı yönəltməyə çalışır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.
“Biz elə bir vəziyyətə düşmüşük ki, müəyyən qüvvələr doğma, müqəddəs Apostol Kilsəmizdən Ermənistan Respublikasına qarşı fəaliyyətlər üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar... Mən isə Ermənistanın baş naziri kimi bəyan edirəm ki, biz buna imkan verməyəcəyik”,- deyə Paşinyan “Ermənistanın Müqəddəs Apostl Kilsəsinin Yenilənməsi” şüarı altında keçirilən yürüşdə etdiyi çıxışda bildirib.
Paşinyanın sözlərinə görə, AAK-nin (Erməni Apostol Kilsəsinin) hazırkı faktiki rəhbəri və onun ən yaxın ətrafı sektantlıq məntiqi, parçalanma məntiqi ilə hərəkət edirlər.
“Deməli, biz Kilsəni parçalanma tərəfdarlarından azad etməli və onu xalqa qaytarmalıyıq... Kilsə xalq üçündür, kilsə xalqın İsa Məsihlə ünsiyyət qurduğu məkandır. Təəssüf ki, hazırda İsa Məsih, Xilaskarımız küncə sıxışdırılıb, lakin sevindiricidir ki, İsa Məsih tədricən təcriddən (bu vəziyyətdən) çıxır”, – deyə o əlavə edib.
