Bakı. Trend:
İsveçrənin “Nestle” şirkəti ürəkbulanma və qusmaya səbəb ola bilən toksinin mövcudluğu ehtimalı ilə əlaqədar 25 ölkədə bir neçə uşaq qidası partiyasını geri çağırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayb.
Bildirilib ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrə də daxil olmaqla bir sıra ölkələrdə satışda olan məhsulları əhatə edir. Söhbət SMA, BEBA və NAN markalı qida qarışıqlarından gedir.
Şirkət xəbərdarlıq edib ki, sözügedən məhsullarda “Bacillus cereus” bakteriyaları tərəfindən istehsal olunan “cereulid” toksini ola bilər. Bununla yanaşı, “Nestle” indiyədək geri çağırılan məhsullarla bağlı yoluxma və ya hər hansı simptomların təsdiqlənmədiyini bildirib.
Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma “Nestle”nin 10-dan çox zavodunda istehsal olunan 800-dən artıq məhsulu əhatə edir. Qurumun qiymətləndirməsinə əsasən, bu hal şirkət tarixində ən böyük məhsul geri çağırılması hesab olunur.
