Bakı. Trend:
ABŞ-nin vasitəçiliyi ilə Parisdə keçirilən İsrail–Suriya danışıqlarının yekununda tərəflər Suriya ilə İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması və diplomatik əməkdaşlıq üçün mexanizm yaratmaq barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda vurğulanıb ki, tərəflər davamlı təhlükəsizlik və sabitlik üzrə razılaşmalara sadiqliklərini təsdiqləyiblər. ABŞ-nin himayəsi altında kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması, diplomatik əlaqələr və ticarət imkanları üzrə dərhal və fasiləsiz əməkdaşlığı təmin etmək üçün birgə koordinasiya mexanizmi yaradılıb.
Sənəddə həmçinin qeyd olunub ki, bu mexanizm istənilən mübahisələrin operativ həlli və anlaşılmazlıqların qarşısının alınması üçün platforma rolunu oynayacaq. Vaşinqton bu müsbət addımları alqışlayaraq, Yaxın Şərqdə davamlı sülhə nail olmaq məqsədilə razılaşmaların həyata keçirilməsini dəstəkləməyə sadiq qaldığını bəyan edib.
