Bakı. Trend:
Pentaqon “Lockheed Martin” şirkəti ilə çərçivə sazişinin imzalandığını açıqlayıb.
Trend xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi sənədi tarixi razılaşma kimi dəyərləndirib.
Bildirilib ki, razılaşma sursat istehsalının və tədarükünün əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş yeni müdafiə satınalma modelinin əsasını qoyur. Yeni model uzunmüddətli və proqnozlaşdırıla bilən tələbatın formalaşdırılmasını nəzərdə tutur ki, bu da müdafiə sənayesini istehsal güclərinin genişləndirilməsinə böyük həcmli investisiyalar yatırmağa təşviq etməlidir.
Pentaqonun məlumatına görə, bu yanaşma müqavilələrin icra müddətlərinin qısaldılmasına, tədarük zəncirlərinin idarə olunmasının səmərəliliyinin artırılmasına və dövlətin infrastruktur üzrə ilkin xərclərinin azaldılmasına imkan verəcək.
Razılaşmaya əsasən, “Lockheed Martin” “Patriot” hava hücumundan müdafiə sistemləri üçün “PAC-3 Missile Segment Enhancement” tipli raketlərin illik istehsal həcmini təxminən 600 ədəddən 2000 ədədə qədər artırmağı planlaşdırır.
