Bakı. Trend:
ABŞ-nin şimal-şərq ştatlarını cənginə alan güclü qar fırtınası nəticəsində azı iki nəfər həlak olub.
Trend bu barədə ABŞ KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Merilend ştatında fırtına zamanı ağacın aşması nəticəsində iki nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Bəzi ərazilərdə fırtına saniyədə 30 metrdən artıq sürətə çatan güclü külək qasırğaları ilə müşayiət olunub.
Bundan əvvəl əlverişsiz hava səbəbindən ABŞ-də 500 mindən çox ev və obyektin elektrik enerjisiz qaldığı bildirilmişdi. Nyu-Cersi, Nyu-York, Pensilvaniya və Rod-Aylend də daxil olmaqla yeddi ştatın hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Nyu-York və Boston kimi şəhərlərdə kommunal xidmətlərin şəhəri qardan təmizləyə bilməsi üçün avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 90 santimetrdən çox olub.
