...

Ukrayna İqtisadiyyat Nazirliyi 2006-cı il üzrə ÜDM proqnozunu yaxşılaşdırmaq niyyətindədir

Dünya xəbərləri Materials 21 İyul 2006 17:00 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi 2006-cı il üzrə Ukraynanın ümumi daxili məhsulu göstəricisinin proqnozunu artırmaq fikrindədir. Bu barədə dünən iqtisadiyyat nazirinin birinci müavini Sergey Romanyuk mətbuat konfransında bildirib.

Trend in Ukraynadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu zaman o, yeni proqnoz göstəriciləri barədə məlumat verməyib və bunu onunla izah edib ki, İqtisadiyyat Nazirliyində hələ ilin birinci yarısının yekunları üzrə iqtisadiyyatın inkişafı barədə son statistik məlumatlar yoxdur.

Bundan başqa, Ukraynanın maliyyə naziri Viktor Pinzenik dünən Ali Radadakı çıxışında bəyan edib ki, Ukraynanın 2007-ci il üzrə Dövlət büdcəsi artıq Ukraynanın sosial-iqtisadi inkişaf göstəricilərinin dəqiq proqnozu əsasında hazırlanacaq.

"Proqnoz bu ilin əvvəlində hazırlanıb və ilin birinci yarısı ərzində Ukraynanın sosial-iqtisadi inkişaf göstəriciləri yaxşılaşıb. Bununla əlaqədar, göstəricilər gözdən keçiriləcək, büdcə layihəsi isə göstəricilərin yeni proqnozu əsasında hazırlanacaq", - deyə V.Pinzenik bildirib.

Xəbər verildiyi kimi, Ukraynanın real ümumi daxili məhsulun (ÜDM) artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2006-cı ilin yanvar-iyun aylarında 5%, iyun ayında 9,5% təşkil edib.

2006-cı ilin mart ayında Ukrayna Nazirlər Kabineti 2006-cı ildə ÜDM -in artım proqnozunu 6%-ə qədər azaldıb.

Əvvəllər İqtisadiyyat Naziri 2006-cı ildə ÜDM-in 7% artacağını planlaşdırmışdı, lakin 2006-cı il üzrə büdcə qəbul olunduqdan və 4 yanvar 2006-cı ildə Rusiya ilə qaz müqavilələri imzalandıqdan sonra nazirlik öz proqnozlarını geri götürüb.

Dünya bankı 2006-cı ilin yekunlarına görə Ukraynanın ümumi daxili məhsulunun artım proqnozunu 3,5- 5,5%-dən 1,5-3,5%-ə qədər azaldıb.

Ekspertlərin proqnozlarına görə, 2006-cı ildə Ukraynanın ümumi daxili məhsulunun artımı 4-5,5% təşkil edəcək.

Ukraynanın Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2005-ci ildə Ukraynanın ümumi daxili məhsulunun real artımı 2004-cü ildəki 12,1 %-lə müqayisədə 2,4%-ə qədər azalıb.

Xəbər lenti

Xəbər lenti