RF hökuməti Rusiya hərbi bazalarının, Rusiyanın Zaqafqaziyadakı digər hərbi obyektlərinin çıxarılması, müvəqqəti fəaliyyətinin müddəti və qaydaları haqqında Müqavilənin ratifikasiya üçün RF prezidentinə təqdim olunması barədə qərar qəbul edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən qərar hökumətin avqustun 31-də keçirilən yığıncağında qəbul olunub. Həmin müqavilə 2006-cı il mart ayının 31-də imzalanıb və Rusiya hərbi bazalarının çıxarılması, eləcə də onların sənədin qüvvədə olan müddət ərzində - 2008-ci il dekabrın 31-dək müvəqqəti fəaliyyətinin qaydaları ilə bağlı məsələlərin həllinə yönəlib.
Adıçəkilən müqavilənin həyata keçirilməsinə federal büdcədən 2006-cı ildə 836,7 mln. rubl, 2007-ci ildə 820,5 mln. rubl, 2008-ci ildə isə 510,6 mln. rubl vəsaitin ayrılması nəzərdə tutulub.
Bundan başqa, hökumət Gürcüstanla imzalanmış hərbi yüklərin və personalların bu ölkə ərazisindən tranzitinin təşkili haqqında Müqavilənin ratifikasiyası üçün prezidentə təqdim edəcək. Bu sənəd də 2006-cı il martın 31-də imzalanıb və Ermənistanda yerləşdirilmiş Rusiya hərbi bazalarının fəaliyyətini təmin etmək üçün Gürcüstan ərazisindən hərbi yük və personalların tranizi ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib.
Müqavilənin qüvvədə olduğu dövr ərzində xərclərin maliyyələşdirilməsi RF Silahlı Qüvvələrinin saxlanılması üçün hər il ayrılan vəsait müqabilində həyata keçiriləcək.