7-8 noyabrda Misir Ərəb Respublikasının prezidenti Hüsnü Mübarəkin Qazaxıstana ilk rəsmi səfəri olacaq. Bu haqda bu gün Qazaxıstan XİN-nin rəsmi nümayəndəsi Erjan Aşikbayev brifinqdə bildirib.
Diplomat qeyd edib: "Qazaxıstan -Misir əlaqələrinin əsası ölkə prezidentinin 1993-cü ildə Misirə səfəri zamanı qoyulub, iki dövlət arasında siyasi dialoq bərqərar olub, iqtisadi və mədəni -humanitar sferalarda əlaqələr dayanmadan inkişaf edir".
E.Aşikbayevin məlumatına görə, iki dövlətin başçısı "Qarşılıqlı əlverişli əməkdaşlığın gələcək inkişafı ilə bağlı kompleks məsələləri, aktual beynəlxalq və regional problemləri, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək".
Misir nümayəndə heyətinin tərkibində Qazaxıstana xarici işlər, rabitə, investisiya, ticarət və sənaye nazirləri gələcək. Bu haqda "gazeta.kz"-a istinadən Trend xəbər verir.
Səfər çərçivəsində bir sıra iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında ikitərəfli sənədlərin imzalanacağı planlaşdırılır. Danışıqlar nəticəsində ölkə başçıları birgə bəyanat qəbul edəcək.